"Tacikistan 2027-ci ilədək tam enerji müstəqilliyinə nail olacaq" - Emomali Rahmon

09:32 29.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Tacikistan 2027-ci ilə qədər tam enerji müstəqilliyinə nail olacaq”.

Hafta.az-ın yazdığına görə, bu barədə prezident Emomali Rahmon parlamentə müraciətində bildirib. O bildirib ki, Roqun Su Elektrik Stansiyasının tikintisi 50 faizdən çox başa çatıb. Prezidentin sözlərinə görə, son iki ildə bu strateji əhəmiyyətli layihənin həyata keçirilməsi üçün dövlət büdcəsindən 9 milyard somonidən çox (825 milyon dollar) vəsait ayrılıb.

Prezident beynəlxalq maliyyə təşkilatlarına və digər inkişaf tərəfdaşlarına Roqun SES-in gələcək tikintisinə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib. O vurğulayıb ki, bu mühüm obyektin tikintisini başa çatdırmaq üçün artıq altı donorla ümumi məbləği 10 milyard somoni (təxminən 915 milyon dollar) olan doqquz müqavilə bağlanıb. Bunun da 3 milyarddan çoxu (275 milyon dollar) qrant şəklində verilir.

Emomali Rahmon bu dəstək və diqqəti “Tacikistan xalqı üçün çox vacib” adlandırıb.

Tikintinin növbəti mərhələsinin maliyyələşdirilməsi 2025-ci ilə planlaşdırılır. Məhz Roqun Su Elektrik Stansiyasının tikintisinin başa çatdırılması Tacikistanın 2027-ci ilə qədər enerji müstəqilliyini təmin edəcək.

“Bəlkə də, bu, sizin belə bir vəziyyətlə üzləşdiyiniz son qışdır ki, gələnilki qışda bu çətinliklər azalacaq və 2027-ci ildə çətinliklər tarixdə qalacaq”, - Emoməli Rəhmon bildirib.

Qeyd edək ki, bu günədək Roqun SES-in tikintisinin maliyyələşdirilməsi sırf dövlət vəsaiti hesabına həyata keçirilib.

Tacikistan hökuməti bu il Roqun layihəsinin həyata keçirilməsinə 5 milyard somoni (təxminən 460 milyon dollar) ayıracağını gözləyirdi. Bu ilin 9 ayında Roqun SES-in tikintisinə 4,3 milyard somoni (təxminən 395 milyon dollar) vəsait xərclənib.

Xatırladaq ki, bir müddət əvvəl prezident Roqun SES-in növbəti su elektrik aqreqatının 2025-ci ildə istifadəyə verilməsinin planlaşdırıldığını bildirmişdi.

Hazırda az enerji ilə işləyən stansiyanın ilk iki bloku 2018 və 2019-cu illərdə istismara verilib. Ümumilikdə stansiyanın turbin otağında hər birinin gücü 600 MVt olan 6 aqreqat quraşdırılacaq. Sonuncu qurğunun 2029-cu ildə işə salınması planlaşdırılır. Quraşdırılmış gücü 3600 MVt olan Roqun SES-in Mərkəzi Asiyanın ən böyük su elektrik stansiyasına çevriləcəyi gözlənilir.

Tam istismara verildikdən sonra elektrik enerjisi istehsalının illik həcmi 13-17 milyard kilovatsaat təşkil edəcək ki, bu da ölkədə illik elektrik enerjisi istehsalının 65-85 faizinə bərabərdir.

Roqun SES layihəsini 2035-ci ilə qədər tam başa çatdırmaq üçün 6,4 milyard dollar lazımdır...